“Fəal öyrənmə: Təşəbbüskar və məsuliyyətli şagirdlər yetişdirmək” qrant layihəsinin bağlanış mərasimi keçirilib.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Fəal öyrənmə: Təşəbbüskar və məsuliyyətli şagirdlər yetişdirmək” qrant layihəsinin icrası uğurla yekunlaşıb.
Bağlanış mərasimində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və layihənin tədris prosesinə verdiyi töhfələr təqdim olunub. Qeyd edilib ki, layihə müddətində müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, fəal öyrənmə yanaşmalarının tədris prosesinə inteqrasiyası və şagirdyönümlü təlim mühitinin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.
Layihə çərçivəsində 287 nömrəli Zəkalar liseyinin 4 müəllimi Cambridge Universitetinin “Develop Your Understanding of Active Learning and How to Apply It in Your Teaching Practice” beynəlxalq onlayn kursunu uğurla tamamlayaraq fəal öyrənmə metodları və interaktiv tədris strategiyaları üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər. Daha sonra müəllimlər əldə etdikləri təcrübəni həmkarları ilə paylaşaraq silsilə təlimlər təşkil edib, fəal öyrənmə yanaşmalarının məktəbdə daha geniş tətbiqinə töhfə veriblər.
Xatırladırıq ki, “Fəal öyrənmə: Təşəbbüskar və məsuliyyətli şagirdlər yetişdirmək” qrant layihəsi İbrahimova Nigar tərəfindən 287 nömrəli Zəkalar liseyində həyata keçirilib. Layihənin əsas məqsədi fəal öyrənmə yanaşmasının tədris prosesinə inteqrasiyası, müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və şagirdlər üçün müasir, interaktiv öyrənmə mühitinin formalaşdırılmasına töhfə verməkdir.
#GrantEduAz #IXQrant #QrantMüsabiqəsi #EduGrants
Comments
Post a Comment