“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramından gözləntilər
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Dövlət Proqramı layihəsini hazırlayacaq işçi qrupunun ilk iclası keçirilib
Bildiyimiz kimi Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyası tərəfindən Dövlət Proqramı layihəsinin hazırlanması üçün müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Qeyd edək ki, işçi qrupu dövlət proqramı layihəsinin iki ay müddətində hazırlayıb Prezidentə təqdim olunmasını təmin etməlidir.
Dünən PA-nın rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə işçi qrupunun ilk iclası keçirilib. İclas zamanı hazırlanması nəzərdə tutulan proqramın bəzi istiqamətləri müzakirə edilib. Bunlar gənclər sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı (və ya İnsan kapitalının inkişafı), gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, onların iqtisadi proseslərdə fəal iştirakının təmin edilməsidir. Həmçinin gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının gücləndirilməsi, gənclərin fəaliyyəti üçün zəruri infrastrukturun inkişafı, gənclər arasında sağlam həyat tərzinin təbliği və neqativ halların profilaktikası, gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsi, gənclərin sosial müdafiəsi, yeni nəsil və müasir çağırışlar da müzakirə olunub.
Bu proqramının ən üstün cəhətlərindən biri ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan verməsi olacaq. Eyni zamanda proqram uzaq perspektivdə gənclər üçün hər bir sahədə yeni imkanlar açacaq. Gənclərmiz bu proqramdan nə əldə edəcəklər, perspektivdə onları hansı yeniliklər gözləyir? Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Elçin Salmanov qəzetimizə bildirdi ki, bu proqramın hazırlanması üçün sərəncamın imzalanması cənab Prezidentin gənclərə verdiyi dəyərin və sevginin göstəricisidir. “Bu səbəbdən də gənclər hər zaman cənab Prezidentin arxasında möhkəm dayanıb” deyən E.Salmanov düşünür ki, vətənpərvər gənclərin ölkəmizin ictimai həyatında aktiv rol oynaması bu proqramdan sonra daha da artacaqdır: “Prezidentimiz tərəfindən imzalanmış sərəncamda da göstərildiyi kimi proqram birbaşa olaraq gələcəkdə vətənpərvər və eyni dərəcədə müasir düşüncəli gənclərin yetişməsi və Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakına böyük dəstək olacaq. Gənclər öz dövlətlərinin qayğısına sığınaraq xaricdə təhsillərini davam etdirməklə yanaşı, ictimai fəaliyyətlərini də artıracaq. Yerli və beynəlxalq konfranslarda, seminarlarda, təlimlərdə daha da aktiv olaraq iştirak edə biləcəklər”.
Onun sözlərinə görə, müstəqillik qazandıqdan sonra Azərbaycanın inkişafı üçün kadrların hazırlığı məsələsində böyük problemlər və kadr boşluğu yaranmışdı: “Dövlətimizin bu sahəyə xüsusi qayğısı artıqda bu sahədə inkişaf etməyə başladı. Ancaq Azərbaycanda hal-hazırda da bəzi sahələrdə kadr boşluqları yaşanır. Azərbaycanın iqtisadi, siyasi, sosial cəhətdən daha da inkişafı üçün kadrların hazırlanması və daha da güclənməsi üçün əsas dayaq əhalinin böyük hissəsini təşkil edən gənclərə və gələcək nəsillərə düşür. Bu proqram uzun perspektivdə bir başa olaraq gənclərin dövlətçiliyimizin bütövlüyü sahəsində bir sutun kimi olmasında kadrların daha da güclənməsinə təkan verəcəkdir”.
Təşkilat sədrinin fikrincə bu prqoram sayəsində gənclər öz gələcklərini daha da möhkəm, təhlükəsiz və eyni zamanda perspektivli olaraq qurmalarına imkan əldə edəcəklər.
Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqınin sədri Şahin İsmayılova görə isə bu sərəncam cənab Prezidentin gəncləri daim diqqət mərkəzində saxlamasının növbəti bir göstəricisidir: “Artıq bu bir faktdır ki, bir sıra ölkələr Azərbaycandakı gənclər siyasəti modelini qəbul edir və bu təcrübəni bölüşmək üçün ölkəmizə səfərlər edirlər. Bu sərəncam gənclər siyasəti sahəsində qazanılmış təcrübənin daha da inkişaf etdirilməsinə və gənclərimizin bütün sahələrdə təmsil olunmasına böyük töhvə verəcək”.
Proqramın uzaq perspektivdə gənclər üçün hansı imkanlar açmasına gəlincə Ş.İsmayılov diqqəti bu sahə üçün yaradılmış işçi qrupun tərkibinə çəkib: “Burada dövlət qurumlarının nümayəndələri ilə yanaşı ictimai sahədə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri də təmsil olunur. Əslində bu olduqca maraqlı məqamdır və digər tərəfdən proqramın hərtərəfli olmasının , bütün sahələri əhatə etməsinin göstəricisidir”.
Demokratik Gənclər İctimai Birliyi Ramil Süleymanov da bizimlə söhbətində proqramın ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə böyük köməkliklər etmiş olacağını vurğuladı. R.Süleymanov bu dövlət proqramının gənclər qarşısında yeni imkanlar açacağını qeyd etdi: “Gənclərin bütün istiqamətlərdə inkişafı sosial, iqtisadi və mədəni inkişafını daha da inkişaf etdirəcək. Gənclərin sosial-hüquqi müdafiəsinə yönəlmiş yeni proqramların hazırlanmasına və həyata keçirilməsinə yardımçı olacaq. Gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə də bağlı maraqlı layihələrin həyata keçirilməsinə köməklik edəcək”.
Onun fikrincə, poqramının ən üstün cəhəti ölkədə olan gənclərin menecment sahəsində böyük addımlar ata bilər: “İxtisaslı gənc mütəxəssislərin yetişməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, bu dövlət proqramı gənclər üçün onların inkişafı üçün bir pəncərə rolunu oynaya bilər”.
“İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı isə SİA-ya açıqlamsında bildirib ki, gənclərin idarəçiliyə cəlb olunması, onların sosial problemlərinin həlli və gənclərin potensialının tam realizə olunması üçün təşəbbüslərin dəstəklənməsi baxımından çox önəmlidir. Millət vəkilinin sözlərinə görə, proqramın qurulması üçün işçi qrupunun hər kateqoriyadan olan gənclərlə görüşüb fikirlərini nəzərə alması lazımdır.
“Çünki biz təşəbbüslərə əsaslanan və təşəbbüslərin reallaşdığı cəmiyyət quruculuğunu yaşayırıq. Amma təşəbbüslərin peşəkarlar tərəfindən təhlil edilib, onun elmi təhlillərini də verməsi vacibdir. Çünki biz eyni zamanda, elmə əsaslanan cəmiyyət istəyirik. Proqramın müddəti 5 illik düşünülsə də onun uzaq perspektivdə hansı imkanlar aça biləcəyi də göz önündə olmalıdır. Bu gün nəzərə almaq lazımdır ki, artıq dünya sürət əsrinə qədəm qoyub. İnternet dünyanı kiçildib, sürətləndirib. Dünyada məlumat almaq və bu məlumatlardan faydalanıb təşəbbüslər irəli sürmək mobilləşib və asanlaşıb. Odur ki, dünyanın hər yanında olan gənclərimizin təşəbbüslərin sürətlə reallaşdığı və dəstəkləndiyi yeni plotformalara və mexanizmlərə ehtiyacı var. Xüsusilə düşünürəm ki, yeni formatlı Gənclər Fondu və İnsan Kapitalı Fondunun yaradılması faydalı olardı. Yəqin ki, bunun kimi yüzlərlə digər təşəbbüslər olacaq və inanıram ki, yaradılacaq işçi qrup təklifləri nəzərə alacaq”.
Fuad HÜSEYNZADƏ
Comments
Post a Comment